Səhnə arxası

Bloq
Bloq 28 sen 2026

"Odissey" filmi haqqında.

Diqqət spoiler! Odissey axırda evinə qayıda biləcək. (21-ci əsrdə Odisseydən spoiler yeyən varsa öz günahıdır məncə) İlk dəqiqələrdən mən də konservativ yanaşdım məsələyə. Bu nə geyimlərdir? Bu nə aktyor heyətidir? Hindli aktyor niyə Yunanı oynayır? Matt Daymondan Odissey olar?! Hollywood bu oğraşı evə qaytarmaq üçün hələ nə qədər pul xərcləyəcək?! Elə əsəbləşdim elə bil Homer Dədəm Qorquddur, İlliada və Odissey də Kitabı. Sonra fikirləşdim ki, sən niyə Yunan mədəniyyətinin təəssübünü belə çəkirsən?! Sən kimsən axı?! Lap sonra yadıma düşdü ki, mən heç İlliadanı və Odisseyi də oxumamışam, yalnız filmlərdən görmüşəm. Ondan sonra filmə rahat baxmağa başladım və sehrinə düşdüm. Bir də baxdım film qurtarıb. Və mən kədərliyəm. Musiqi isə beynimdən çıxmır. Filmdən qalan hisslər isə canımdan... Filmi bəyənməyənlər də çoxdur. Çoxu da filmin orijinal mətndən uzaq olduğunu deyir. Amma məncə film heç buna iddia da eləməyib. Filmin beynəlmiləl aktyor heyəti də rejissor qərarının bir parçasıdır. Çünki film Qədim Yunanıstanı yox bütün dövrlərdən keçib indiyə qədər gəlmiş Yunan mifinin ekran həllidir. O personajların əyninə müasir hərbi geyim geyindirsən bu İraqdan qayıdan Amerika əsgərləri olacaq. Bəlkə də Odisseyin 7 il yediyi və ona keçmişi unutduran lotos gülü anti-depressant imiş. Onun iztirabların müharibədən sonra yaşanana Posttravmatik Stress Pozuntusu olmadığını hardan bilə bilərik?! Elə miflərin də gücü bundadır. Bütün zamanlara və insanlara aid ola bilməsi. İnsanlığın ilk böyük bicliyi və xəyanətidir bəlkə də Troya atı. Başqa insanların inancından istifadə edib, onları öldürmək strategiyasının yarandığı an. O vaxt insanlar Zevsin qonaqpərvərlik haqqında qaydasını pozdular. Qonaq gedilən ev də, gələn qonaq da müqəddəs sayılmadı həmin gündən sonra. Troya müharibəsindən sonra Yunanıstan tarixində qaranlıq dövr başladı. İnsanlar başa düşdü ki, belə eləmək olar. Və bəyük mədəniyyət məhv olmağa başladı. Yazı yoxa çıxdı. Homer Odisseyi yazana qədər qaranlıq dövr davam etdi. Beş əsr çəkdi bu! İndi də insanlar başqa insanları məhv etmək üçün belə strategiyalar qurur. İndi də müharibəni udmaq üçün "Troya atları" düzəldilir. Dünyanın harasındasa hansısa başqa Odissey müharibədən evə qayıtmağa çalışır. Bəlkə də insanlıq tarixində növbəti Qaranlıq dövr başlayır. Bunu zaman göstərəcək. Nolanın filmi də bu haqda idi məncə...

Bloq
Bloq 28 sen 2026

Sudan baha, qalan hər şeydən ucuz...

22-23 yaşlarımızda şəhərin mərkəzinə yavaş-yavaş ayaq açmağa başlamışdıq (Özüm Rəsulzadə qəsəbəsində böyümüşəm). Nizami kinoteatrının yanında bir karaoke klub var idi, 5-6 dost yığılıb gəlirdik orda mahnı oxumağa. Əslində Şaban salmışdı bizi bu əyləncəyə. Əsasən də özü oxuyurdu, biz də züy tuturduq. Hər stola mikrofon üç mahnılıq verilirdi və hər mahnıya görə əlavə pul alınırdı səhv etmirəmsə. Ona görə də mahnı seçimi uğrunda əməlli müzakirələr gedirdi ki, hansı mahnını oxusaq başqa stollarda oturan xanımları daha çox feyziyab eləyə bilərik. Hesab da qardaş malı kimi aramızda bölünürdü. Bir dəfə dostumuz Pumba (əsl adı Turaldır, sadəcə "Kral Şir" filmindəki məşhur personaja oxşayırdı) etiraz da elədi ki, bu nədi e, bir dənə Rafaello yedim, 2 dəfə "Искала" dedim (Zemfiranın mahnısını nəzərdə tutur), 6 manat pulumu alırsız. 6 manat indi sizə az gələ bilər, amma 2008-2009-cu illərdə tələbə olanlar üçün əməlli pul idi. Hə, bir də bizim pulumuz həmişə az idi. Amma əylənmək də istəyirdik. Ona görə həmin karaoke kluba gedib, həmişə içməyə eyni şeyi sifariş eləyirdik. Tonik! (Sarı dəmir qabda həmin o Tonic). Dadı zəqqutum kimi, heç bir zövq də vermirdi. Niyə sifariş eləyirdik?! Çünki o yeganə içki idi ki, sudan baha, qalan bütün içkilərdən ucuz idi. Amma özümüzü elə aparırdıq ki, guya biz Tonik bazlarıyıq. Elə əminliklə içirdik, elə bil Amerika kinolarındakı zalım adam viski içir. Ofissianta elə rahatlıqla "hərəyə bir dənə tonik" deyirdik, deyərsən şirinçay əvəzinə toniklə böyümüşük. İllərdir tonik içmirəm. Bundan sonra da çətin ürəyim istəsin. Karaoke də oxumuram. Ən pisi odur ki, o dostlarla da əvvəlki kimi hər gün görüşmürük. İldə bir ya da iki dəfə. Həyat da indi həmin Tonikin dadını verir...