Səhnə arxası

Bloq
Bloq 28 sen 2026

"Odissey" filmi haqqında.

Diqqət spoiler! Odissey axırda evinə qayıda biləcək. (21-ci əsrdə Odisseydən spoiler yeyən varsa öz günahıdır məncə) İlk dəqiqələrdən mən də konservativ yanaşdım məsələyə. Bu nə geyimlərdir? Bu nə aktyor heyətidir? Hindli aktyor niyə Yunanı oynayır? Matt Daymondan Odissey olar?! Hollywood bu oğraşı evə qaytarmaq üçün hələ nə qədər pul xərcləyəcək?! Elə əsəbləşdim elə bil Homer Dədəm Qorquddur, İlliada və Odissey də Kitabı. Sonra fikirləşdim ki, sən niyə Yunan mədəniyyətinin təəssübünü belə çəkirsən?! Sən kimsən axı?! Lap sonra yadıma düşdü ki, mən heç İlliadanı və Odisseyi də oxumamışam, yalnız filmlərdən görmüşəm. Ondan sonra filmə rahat baxmağa başladım və sehrinə düşdüm. Bir də baxdım film qurtarıb. Və mən kədərliyəm. Musiqi isə beynimdən çıxmır. Filmdən qalan hisslər isə canımdan... Filmi bəyənməyənlər də çoxdur. Çoxu da filmin orijinal mətndən uzaq olduğunu deyir. Amma məncə film heç buna iddia da eləməyib. Filmin beynəlmiləl aktyor heyəti də rejissor qərarının bir parçasıdır. Çünki film Qədim Yunanıstanı yox bütün dövrlərdən keçib indiyə qədər gəlmiş Yunan mifinin ekran həllidir. O personajların əyninə müasir hərbi geyim geyindirsən bu İraqdan qayıdan Amerika əsgərləri olacaq. Bəlkə də Odisseyin 7 il yediyi və ona keçmişi unutduran lotos gülü anti-depressant imiş. Onun iztirabların müharibədən sonra yaşanana Posttravmatik Stress Pozuntusu olmadığını hardan bilə bilərik?! Elə miflərin də gücü bundadır. Bütün zamanlara və insanlara aid ola bilməsi. İnsanlığın ilk böyük bicliyi və xəyanətidir bəlkə də Troya atı. Başqa insanların inancından istifadə edib, onları öldürmək strategiyasının yarandığı an. O vaxt insanlar Zevsin qonaqpərvərlik haqqında qaydasını pozdular. Qonaq gedilən ev də, gələn qonaq da müqəddəs sayılmadı həmin gündən sonra. Troya müharibəsindən sonra Yunanıstan tarixində qaranlıq dövr başladı. İnsanlar başa düşdü ki, belə eləmək olar. Və bəyük mədəniyyət məhv olmağa başladı. Yazı yoxa çıxdı. Homer Odisseyi yazana qədər qaranlıq dövr davam etdi. Beş əsr çəkdi bu! İndi də insanlar başqa insanları məhv etmək üçün belə strategiyalar qurur. İndi də müharibəni udmaq üçün "Troya atları" düzəldilir. Dünyanın harasındasa hansısa başqa Odissey müharibədən evə qayıtmağa çalışır. Bəlkə də insanlıq tarixində növbəti Qaranlıq dövr başlayır. Bunu zaman göstərəcək. Nolanın filmi də bu haqda idi məncə...

Bloq
Bloq 28 sen 2026

Yadıma Rafet El Roman düşüb. 2005-2006-cı illər. Jele, uzun bakkenbardlar, rafet papaqları, köhnə puldan təzə pula keçid, trapes şalvarlar, Nokia 6230, internetə qoşulan modemin səsi...

Hər gün eyni çata giririk. Hamı bir-birini tanıyır. Aha, təzə qız gəlib. Hərə bir tərəfdən hücuma keçir. Kiməsə cavab yazdısa o birilər əl çəkir. Cavab yazdığı oğlan onu ümumi çatdan xüsusi çata keçirir. O qız bir də ümumidə heç nə yazmır. Online qeyrət. Serverdə isə Rafet El Roman oxuyur. Sinif yoldaşım qız Rafetin mahnısını oxuyur: "hiç utanmadık seninle mhmhmhm" - "sevişerken" sözünü abır eləyib, ürəyində deyir... Son zəngdə "Seni seviyorum" mahnısını rəqs eləyirik. Qızla aramızdan velosiped keçər. "...ve ooooo an geliiir deeee". Gəlmədi o an... Universitetdə hamı özünü istedadlı sayır. "Yeni Ulduz" dəbdədir. Hamı hər yerdə mahnı mızıldanır. Sinifin qapısını açırsan ki, kimsə coşub, pianonu nağara kimi çalıb, hündürdən oxuyur. O uşaqlardan heç biri Yeni Ulduz olmadı amma :( Yox, biri oldu. Yeni Ulduz 5-də! 56 nömrəli marşrutla gedirəm İncəsənətə. Cibimdə 1 manat var. 20 qəpik getmək, 30 qəpik Faiqdən dönər, 30 qəpik Şəkili dayıdan "ştuçnıy" West, 20 qəpik qayıtmaq. Avtobusa tanış minir - eybi yox qamburger yeyərəm, biri də minir, siqareti az çəkərəm, ikisi birdən minir - evə qayıtmsq üçün görəsən kimdən pul alım?! Niyə İncəsənət Universiteti hamısından əvvəl yerləşir?!.. "...sonra neden?!"... Universitetdə bir qız məni sevir. Dəli kimi sevir. Nə vaxt başımı qaldırıram ikinci mərtəbənin pəncərəsindən mənə baxır. Haqqımda bir dəftər yazı yazmışdı. Siqaret çəkməyim, gəzişim, dağınıq saçlarımı elə poetik təsvir eləmişdi ki, mən də az qala özümə aşiq olurdum. Amma ona aşiq ola bilmədim. Yeni il qabağı mənə hədiyyə almışdı. Özüm boyda mişka. Siz də olsanız əsəbiləşərdiniz. Acıladım onu. Dedim, sən Şaxta babasan? Ondan sonra bir də görmədim onu. Heç vaxt görmədim. Gəlmədi Universitetə. Özünü qiyabiyə keçirtdi və itdi. Fonda isə həmişə Rafet El Roman oxuyurdu...