Yadıma Rafet El Roman düşüb
Yadıma Rafet El Roman düşüb. 2005-2006-cı illər. Jele, uzun bakkenbardlar, rafet papaqları, köhnə puldan təzə pula keçid, trapes şalvarlar, Nokia 6230, internetə qoşulan modemin səsi... Hər gün eyni çata giririk. Hamı bir-birini tanıyır. Aha, təzə qız gəlib. Hərə bir tərəfdən hücuma keçir. Kiməsə cavab yazdısa o birilər əl çəkir. Cavab yazdığı oğlan onu ümumi çatdan xüsusi çata keçirir. O qız bir də ümumidə heç nə yazmır. Online qeyrət. Serverdə isə Rafet El Roman oxuyur. Sinif yoldaşım qız Rafetin mahnısını oxuyur: "hiç utanmadık seninle mhmhmhm" - "sevişerken" sözünü abır eləyib, ürəyində deyir... Son zəngdə "Seni seviyorum" mahnısını rəqs eləyirik. Qızla aramızdan velosiped keçər. "...ve ooooo an geliiir deeee". Gəlmədi o an... Universitetdə hamı özünü istedadlı sayır. "Yeni Ulduz" dəbdədir. Hamı hər yerdə mahnı mızıldanır. Sinifin qapısını açırsan ki, kimsə coşub, pianonu nağara kimi çalıb, hündürdən oxuyur. O uşaqlardan heç biri Yeni Ulduz olmadı amma :( Yox, biri oldu. Yeni Ulduz 5-də! 56 nömrəli marşrutla gedirəm İncəsənətə. Cibimdə 1 manat var. 20 qəpik getmək, 30 qəpik Faiqdən dönər, 30 qəpik Şəkili dayıdan "ştuçnıy" West, 20 qəpik qayıtmaq. Avtobusa tanış minir - eybi yox qamburger yeyərəm, biri də minir, siqareti az çəkərəm, ikisi birdən minir - evə qayıtmsq üçün görəsən kimdən pul alım?! Niyə İncəsənət Universiteti hamısından əvvəl yerləşir?!.. "...sonra neden?!"... Universitetdə bir qız məni sevir. Dəli kimi sevir. Nə vaxt başımı qaldırıram ikinci mərtəbənin pəncərəsindən mənə baxır. Haqqımda bir dəftər yazı yazmışdı. Siqaret çəkməyim, gəzişim, dağınıq saçlarımı elə poetik təsvir eləmişdi ki, mən də az qala özümə aşiq olurdum. Amma ona aşiq ola bilmədim. Yeni il qabağı mənə hədiyyə almışdı. Özüm boyda mişka. Siz də olsanız əsəbiləşərdiniz. Acıladım onu. Dedim, sən Şaxta babasan? Ondan sonra bir də görmədim onu. Heç vaxt görmədim. Gəlmədi Universitetə. Özünü qiyabiyə keçirtdi və itdi. Fonda isə həmişə Rafet El Roman oxuyurdu...
// Şərhlər
// Şərh yazın