Kino

“Odissey” filmi haqqında

“Odissey” filmi haqqında

“Odissey” filmi haqqında. Diqqət spoiler! Odissey axırda evinə qayıda biləcək. (21-ci əsrdə Odisseydən spoiler yeyən varsa, öz günahıdır məncə.) İlk dəqiqələrdən mən də konservativ yanaşdım məsələyə. Bu nə geyimlərdir? Bu nə aktyor heyətidir? Hindli aktyor niyə Yunanı oynayır? Matt Daymondan Odissey olar?! Hollywood bu oğraşı evə qaytarmaq üçün hələ nə qədər pul xərcləyəcək?! Elə əsəbləşdim, elə bil Homer Dədə Qorquddur, İlliada və Odissey də Kitabı. Sonra fikirləşdim ki, sən niyə Yunan mədəniyyətinin təəssübünü belə çəkirsən?! Sən kimsən axı?! Lap sonra yadıma düşdü ki, mən heç İlliadanı və Odisseyi də oxumamışam, yalnız filmlərdən görmüşəm. Ondan sonra filmə rahat baxmağa başladım və sehrinə düşdüm. Bir də baxdım film qurtarıb. Və mən kədərliyəm. Musiqi isə beynimdən çıxmır. Filmdən qalan hisslər isə canımdan... Filmi bəyənməyənlər də çoxdur. Çoxu da filmin orijinal mətndən uzaq olduğunu deyir. Amma məncə film heç buna iddia da eləməyib. Filmin beynəlmiləl aktyor heyəti də rejissor qərarının bir parçasıdır. Çünki film Qədim Yunanıstanı yox, bütün dövrlərdən keçib indiyə qədər gəlmiş Yunan mifinin ekran həllidir. O personajların əyninə müasir hərbi geyim geyindirsən, bu İraqdan qayıdan Amerika əsgərləri olacaq. Bəlkə də Odisseyin 7 il yediyi və ona keçmişi unutduran lotos gülü anti-depressant imiş. Onun iztirablarının müharibədən sonra yaşanan Posttravmatik Stress Pozuntusu olmadığını hardan bilə bilərik?! Elə miflərin də gücü bundadır. Bütün zamanlara və insanlara aid ola bilməsi. İnsanlığın ilk böyük bicliyi və xəyanətidir bəlkə də Troya atı. Başqa insanların inancından istifadə edib, onları öldürmək strategiyasının yarandığı an. O vaxt insanlar Zevsin qonaqpərvərlik haqqında qaydasını pozdular. Qonaq gedilən ev də, gələn qonaq da müqəddəs sayılmadı həmin gündən sonra. Troya müharibəsindən sonra Yunanıstan tarixində qaranlıq dövr başladı. İnsanlar başa düşdü ki, belə eləmək olar. Və böyük mədəniyyət məhv olmağa başladı. Yazı yoxa çıxdı. Homer Odisseyi yazana qədər qaranlıq dövr davam etdi. Beş əsr çəkdi bu! İndi də insanlar başqa insanları məhv etmək üçün belə strategiyalar qurur. İndi də müharibəni udmaq üçün “Troya atları” düzəldilir. Dünyanın harasındasa hansısa başqa Odissey müharibədən evə qayıtmağa çalışır. Bəlkə də insanlıq tarixində növbəti Qaranlıq dövr başlayır. Bunu zaman göstərəcək. Nolanın filmi də bu haqda idi məncə...

0 Baxış 19 avqust 2026

// Şərhlər

Hələlik şərh yoxdur. İlk şərhi yazan siz olun.

// Şərh yazın