Səhnə arxası

Bloq Hüseyn Cavidin dostu, Mirzə Cəlilin məhlə uşağı...
Bloq 28 sen 2026

Hüseyn Cavidin dostu, Mirzə Cəlilin məhlə uşağı...

Ulu babam, yəni anamın babası Qulamhüseyn adında bir kişi imiş. Papaqçı Qulamhüseyn! Papaqçılıq o dövrlərdə yaxşı sənət sayılıb, papaqçılara bütün kişilərin işi düşər, çünki kişilər o vaxt papaq taxarmışlar. Amma babamın ondan da yaxşı istedadları var idi. Yaddaşı (məndə olmayan şey) və ədəbiyyata olan marağı (bu məndə var). İstənilən şeiri, istənilən mətni bir dəfə eşitməklə əzbərində saxlayırmış. Nəqlçi idi Qulamhüseyn baba. Anam danışırdı ki, gecə bütün məhlə şam işığında yığılarmış, baba əhvalat danışmağa başlayar, bir də baxarlarmış ki, səhər açılıb, sübh vaxtı hamı yatmağa gedib, axşamı əhvalatın davamına gələrlərmiş. Özü içən olsa da, ləqəbi İmam idi. Şahab məhləsinin uşaqları onu çox istəyirmiş, çünki işdən gələndə həmişə cibində noğul, kişmişlə gəlib uşaqlara paylayarmış. Deyirlər, Sovet hakimiyyəti təzə qurulanda Qulamhüseyn babanı hakim qoyublar, o da ürəyiyumşaqlığından hamını bağışlayıb, tez də işdən çıxardıblar. Qulamhüseyn kişi Cəlil Məmmədquluzadə ilə məhlə uşağı, Hüseyn Cavidlə dost olub ("kruq"-a bax da sən). Ədəbiyyatşünas Məmməd Cəfərə isə Şərq nağılları, klassik ədəbiyyat öyrədib. Məmməd Cəfər öz xatirələrində də yazıb ki: “…Zəhra xaladan sonra kor Adıgözəllə papaqçı Qulamhüseyn mənim ədəbiyyat müəllimlərim idi”. (Google-da Papaqçı Qulamhüseyn yazsanız məqaləni tapa bilərsiniz). Mirzə Cəlillə bağlı heç bir xatirənin olmamasından belə başa düşürəm ki, ya araları olmayıb, ya babam onun yazdıqlarını bəyənməyib, amma deyirlər, Cavid gəncliyində yazdığı şeirləri ilk ulu babama oxuyarmış (kişi ölənə qədər həmin şeirləri əzbər bilirmiş). Hətta deyirlər, Cavid sürgündə olanda ordakı Azərbaycanlılardan kiməsə deyib ki, Naxçıvanda Papaqçı Qulamhüseyni tapıb, onunla danışın. İkinci Dünya müharibəsi vaxtı bir neçə nəfər gəlib, ulu babamı tapıb, onlar harasa gediblər və babam evə bir də üç-dörd gündən sonra qayıdıb. Qulamhüseyn baba evdə o haqda heç nə danışmayıb. Ölümünə yaxın isə Bəxtiyar Vahabzadə də Naxçıvana gəlib, 20 günə qədər onun evində yaşayıb və dediklərini diktofona yazıb. Danışırlar ki, babam ictimai hamamda (o vaxt evlərdə hamam olmurdu) oturub, konyak içə-içə şeir deyirmiş, Bəxtiyar Vahabzadə isə əynini də çıxartmadan, sadəcə şalvarının balaqlarını çirmələyib, hamamda da qeydlər aparırmış. Başqa şairlər və ədəbiyyatçılar da kişinin yanında olub, amma onların adları qohumlarımın yadında qalmayıb. 2016-2017-ci ildə isə Bakıdan rəsmi geyimli bir nəfər Naxçıvana gəlib, Mamed əminin çayçısında (Naxçıvanlılar çayxanaya çayçı deyilər) soruşub ki, Papaqçı Qulamhüseynin nəslindən kimsə qalıb indi? Təsadüfən dayım orda olub. Həmin adama deyiblər ki, nəvəsi Hüseyn burdadır. O da dayıma yaxınlaşıb, soruşub ki: Babanda bir əmanət olmalı idi, bilmirsən o hardadır? Dayım da bilməyib söhbət nədən gedir, amma deyib ki, evdə babasının dəftəri var imiş, onu da uzaq bir qohumumuz aparıb. Kişi həmin qohumun nömrəsini alıb və gedib. Bu yaxınlarda həmin qohumuzdan əhvalatı dedim soruşsunlar, o da dedi ki, belə bir şey yadına gəlmir (məncə danışmaq istəmir). O insanların çoxu indi dünyadan köçüb, amma sirləri bu dünyada qalıb. Babam Sovet vaxtı olduğu üçün evdəkiləri təhlükəyə atmamaq üçün onlara heç nə danışmayıb. Görəsən, ulu babam Cavid haqqında nələri bilirmiş? İkinci Dünya Müharibəsi vaxtı gələn o adamlar o kişidən nə öyərniblər? Bəxtiyar Vahabzadənin yazdığı o səslər hardadır? Bakıdan gələn rəsmi geyimli adam nə axtarırmış və axtardığını tapdımı? Yenə də həmişəki kimi sual cavabdan çoxdur...

Bloq "Bəlkə də..." filmini (o vaxt adı "Heyif" idi) yazmağa başlayanda hələ heç bir filmə çəkilməmiş, heç nə çəkməmiş və heç nə yazmamışdım. Onda hələ Nardakı dostlarım - Rüstəm və İbrahimlə toylar üçün "love story"-lər çəkib, azdan-çoxdan qazanırdıq. Amma Love story çəkməyi elə də xoşlamırdım, çünki videoya baxanda əvvəldən bilirsən ki, axırda qovuşacaqlar. Nə dram var, nə konflikt.
Bloq 28 sen 2026

"Bəlkə də..." filmini (o vaxt adı "Heyif" idi) yazmağa başlayanda hələ heç bir filmə çəkilməmiş, heç nə çəkməmiş və heç nə yazmamışdım. Onda hələ Nardakı dostlarım - Rüstəm və İbrahimlə toylar üçün "love story"-lər çəkib, azdan-çoxdan qazanırdıq. Amma Love story çəkməyi elə də xoşlamırdım, çünki videoya baxanda əvvəldən bilirsən ki, axırda qovuşacaqlar. Nə dram var, nə konflikt.

"Bəlkə də..."-nin sadə bir ideyadan başlamışdı. Zaman maşını düzəldən adamın evinə ruhlar gəlsə nə baş verər?! Fantastika və mistika bir filmdə necə olar? Ümumən isə peşmanlıq haqqında idi ssenari. Zaman-zaman bu ssenariyə qayıdıb, orasını-burasını qurtdalayıb, yenə qoyurdum qırağa. Və bu vaxt ərzində atamı itirdim. Ölümün belə gözlənilməz olduğunu bilmirdim onda. Atamla keçirmədiyim vaxtın, eləmədiyim söhbətlərin peşmanlığını elə yaşamağa başladım ki, ssenaridəki ruhlar qədər peşman oldum. Baş qəhrəmanın keçmişə qayıtmağa əsas səbəbi yarandı - qayıdıb atası ilə vaxt keçirmək! Ssenarini zaman-zaman yaza-yaza qısa-qısa videolar çəkdim, filmlərə çəkildim, başqa ssenarilər yazdım və başqa film çəkdim. Bir gün yenə qayıdıb "Bəlkə də..."-ni oxuyanda fikirləşdim ki, artıq vaxtı çatıb. Prodüser Nicat Xəlilova yığdım, o dəqiqə dedi çəkək. Təəcübləndim! Bir neçə il əvvəl o bu filmdən imtina eləmişdi. Amma həmin gün o bir nəfərlə danışanda zaman maşını haqqında danışıblar, o adam da deyib ki, zaman maşını olsa qayıdıb Avstriyalı rəssamı universitetə qəbul elətdirərdi, bu cümlə mənim ssenarimdə də var idi deyə Nicatın yadına "Bəlkə də..." düşüb, üstündən 10 dəqiqə sonra mən zəng eləmişəm ki, bəlkə "Bəlkə də..."-ni çəkək?! O bu təsadüfü işarə kimi qəbul eləyib, razılıq verdi. Beləliklə prosses başladı, aktyorlar yığıldı, sponsorlar axtarıldı, məkanlar seçildi, qısaca çəkilişlərə hazırlaşdıq. Bu vaxt ərzində anam da bizi tərk eləyib, ssenariyə köçdü... Çox çətin, qarışıq çəkiliş prossesi oldu, Azərbaycanın ən küləki günündə Qobustanda çəkilişlər etdik, deyilən vaxtda kinoteatra çıxmaq üçün gecə-gündüz montajda olduq, kinoteatrlara çıxdıq, ssenariyə görə bir mükafat aldıq və pis-yaxşı filmi ərsəyə gətirdik. Məncə müəllif öz filmi haqqında danışmamalıdır. Mən də filmin özü haqqında heç nə demək istəmirəm. Bunu tamaşaçı deməlidir. Mənim üçün film nə qədər şəxsi və əziz olsa da, nəticədə o tamaşaçı üçündür. Linki şərhə atıram, ordan baxa bilərsiniz. Mənim filmə qiymət verə bilməyim üçün bir az vaxta ehtiyacım var. Bəlkə də illər sonra deyəcəm ki, kaş bu filmi çəkməzdim, ya da sevinəcəm ki, yaxşı ki bu filmi çəkdim. Bilmirəm! Onu bilirəm ki, "bəlkə də..." deməyə həmişə bir səbəbimiz olacaq...